Baş səhifə Qanunvericilik Sahibkarlığa dəstək Kataloqlar Statistika Kitabxana Muhit indeksləri Sorğular TV müzakirələr Faydalı linklər
Bazar araşdırması. Marketing

Bazar araşdırması. Marketing

İstənilən satıcı reallaşdırma, yəni məhsulun istehlakçıya qədər çatdırılması problemi ilə  rastlaşır. Hər bir istehsalçı-satıcının və istehlakçının əsas məsələsi — kommersiyadan qənaətbəxş yekun əldə etməkdir. Kommersiya uğuru bilavasitə bazar formalarını, tiplərini və  növlərini dərin və hərtərəfli tədqiq edilib öyrənilməsindən asılıdır

Bazarın öyrənilməsi iki mövqedən həyata keçirilir: onun səciyyəvi xüsusiyyətləri, ehtiyacları və imkanları mövqeyindən və onun həcmi, doyma dərəcəsi, rəqabət şəraiti, analoji malların meydana çıxması ehtimalları və s.  mövqeyindən. Bu və ya digər mövqeyə üstünlük verilməsi ya məhsula yönəlik marketinqə, ya da istehlakçıya yönəlik marketinqə gətirib çıxarır.

Məhsula yönəlik marketinq o zaman tətbiq edilir ki, müəssisənin fəaliyyəti yeni malın yaradılmasına və ya artıq buraxılan məhsulun təkmilləşdirilməsinə yönəlmişdir. Bu zaman əsas məsələ istehlakçıların yeni və ya təkmilləşdirilmiş malları əldə etməyə təhrik etməkdir.

İstehlakçıya yönəldilmiş marketinqdən isə o zaman istifadə olunur ki, müəssisənin fəaliyyəti bilavasitə bazarda olan ehtiyacların təmin olunmasına yönəlmişdir. Burada marketinqin əsas məsələsi — potensial ehtiyacların öyrənilməsi, bazarda yerləşmək üçün boşluğun axtarışıdır. Bu tip marketinq bütovlükdə kommersiya fəaliyyətinin mühüm hissəsidir, belə ki, istehlakçıların tələbatlarını öyrənmədən sahibkar hərəkət edə, fəaliyyət göstərə bilməz. Birinci tip marketinqə gəlincə, o heç də həmişə vacib deyil, çünki bir sıra hallarda "istehlakçılara hücum"larsız keçinmək mümkündür, xüsusilə əgər söhbət mal qıtlığı olan bazardan gedirsə.

Sənaye müəssisəsinin təsərrüfat fəaliyyəti üçün marketinqin hər iki tipini eyni zamanda tətbiq etmək məqsədəuyğundur. Əsl kommersiya uğurunu yalnız müəssisənin həm istehsal, həm də bazar imkanlarının hərtərəfli təhlili təmin edə bilər. Belə kombinə edilmiş marketinq fəaliyyətinə birləşdirilmiş (inteqrasiya edilmiş) marketinq deyilir.

Marketinq çərçivəsində aşağıdakı məsələlər həyata keçirilir:

  • bazarın kompleks şəkildə tədqiqi və öyrənilməsi;
  • potensial tələbatın və təmin olunmamış ehtiyacların üzə çıxardılması;
  • mal çeşidinin və qiymətlərin planlaşdırılması; mövcud tələbatın mümkün qədər tam təmin olunması üçün tədbirlərin işlənib hazırlanması;
  • planlaşdırma və satışın həyata keçirilməsi;
  • idarəetmə və istehsalın təşkilinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması.

Marketinq istehsalın qurtardığı yerdən başlamır. Əksinə, istehsalın xarakterini və miqyasını marketinq diktə edir.

İstehsal güclərindən, yüksək məhsuldar avtomatik avadanlıqlardan və mütərəqqi texnologiyadan effektiv istifadə edilməsi qabaqcadan marketinqlə müəyyən edilir.

Marketinq çərçivəsində İstehlakçıların tələblərini maksimum təmin etmək hesabına gəlir əldə etmək üçün bazara, istehlak tələbatına təsir imkanları sistemi işlənir və tətbiq edilir.

Öz fəaliyyətini marketinq prinsipləri əsasında quran firma yeni malların istehsalını və satışını bazarda apardığı marketinq tədqiqatlarının nəticələri əsasında həyata keçirməyə çalışır və bu niyyətlə xüsusi proqramlar işləyib hazırlayır.

Marketinq məqsədi alıcıların ehtiyac və tələbatlarını mümkün qədər tam təmin etmək olan bir prosesdir. "İstehsal edə bildiyiniz malı satmağa çalışmayın, sata biləcəyiniz malı istehsal edin" - marketinqin əsas prinsipi budur.

Başqa sözlə, müəssisənin marketinq prinsipləri ilə fəaliyyət göstərməsi mal istehsalçısının və ya xidmət təchizatçısının fəlsəfəsini dəyişdirir. Adət edilmiş - əsas məsələ məhsulu, həm də mümkün qədər çox istehsal etməkdir, onu istehlakçıya satmaq isə ikinci dərəcəli işdir - prinsipini - yalnız o qədər mal istehsal etmək lazımdır ki, onu mütləq reallaşdırmaq mümkün olacaq - prinsipi əvəz edir.

Xarici firmaların təcrübəsi sübut edir ki, bu və ya digər malın bazarda uğurla satışı sabit ödəmə qabiliyyətli tələbata yönəlmiş marketinqdən istifadə etməsindən daha çox asılıdır, nəinki firmanın istehsal və maliyyə imkanlarından.

Marketinqin nə olduğu, necə təşkil edildiyi və ümumiyyətlə müxtəlif marketinq məsələləri haqqında aşağıdakı videoçarxlara baxmağı tövsiyə edirik. Bəzi videolar rus və ya ingilis dillərində olsa da sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcəyini hesab edərək burada yerləşdirməyi məqbul saydıq. Gələcəkdə onların imkan daxilində Azərbaycan dilinə tərcümə etməyə çalışacağıq.

Footer

Bu veb-səhifə Amerika xalqının USAID vasitəsilə göstərdiyi səxavətli dəstəyin nəticəsində ərsəyə gəlmişdir. Veb-səhifə "Kiçik sahibkarlığa dəstək" layihəsi çərçivəsində Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən hazırlanıb. Burada yerləşdirilən məlumatlar SBİİYF -ə məxsusdur və buna görə USAID və Amerika hökuməti məsuliyyət daşımır. 


1 ... 9 10 11 12